Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib. Ümummilli Liderin Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında, sahibkarlıq ənənələrinin bərpasında və inkişafında danılmaz xidmətləri var. 21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və “Sahibkarlar Günü” ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi ehtiramla yad olunub, “Əbədi Məşəl” kompleksinə əklil qoyulub.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması, bununla əlaqədar ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, Ulu Öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel “Sahibkarlar Günü” münasibətilə təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov videomüraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında ulu öndər Heydər Əliyevin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Bildirilib ki, qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcəkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, bu strategiyaya uyğun olaraq sahibkarlığın sosial rifah və məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb. Özəl sektorun korporativ sosial məsuliyyət layihələrini, məşğulluğun təmin olunmasında, özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların sosial müdafiəsi tədbirlərində yaxından iştirakı və dəstəyi, Nazirliyin sosial tərəfdaşlıq müstəvisində sahibkarlarla fəal əməkdaşlıq təcrübəsi qeyd olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olunduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu daim yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyinə adekvat cavab verən ölkə sahibkarlarının Azərbaycanın inkişafına və çiçəklənməsinə öz müsbət töhfəsini verdiyini, pandemiya və 44 günlük Vətən müharibəsi zamanı sahibkarların göstərdiyi dəstəyin dövlət-özəl sektor tərəfdaşlığına gözəl nümunə olduğunu qeyd edib, ulu öndər Heydər Əliyevdən başlayaraq bugünə qədər dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlərə dair fikirlərini bölüşüb.
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələri, o cümlədən 2002-ci ilin aprel və may aylarında sahibkarlarla görüşlərinə dair təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş etdirilib.
Konfransın sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub.