“Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa qayıdışı ilə bağlı olacaq. Bu proses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransda bildirib.
Nazir bir daha sahibkarlar və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa dəvət edib: “Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və bundan sonra da ediləcək. “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olundu. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək”.
M.Cabbarov xüsusi olaraq vurğulayıb ki, bütün bunlar bir daha dövlətin daim sahibkarın yanında olduğunu göstərir və “biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq”.