Dünya bazarlarında neftin qiymətinin artacağı proqnozlaşdırılır

2023.04.20 11:47 (UTC+04:00)

ABŞ neft bazarında tələbin sürətlə artması ilə əlaqədar “JPMorgan” bankı yeni proqnozunu açıqlayıb. Bank FED-in faiz artımını dayandırmağa hazırlaşdığı üçün neftin qiymətinin yüksələcəyini təxmin edir.
“CNN Türk” kanalının xəbərinə əsasən, neft bazarında canlanma Çin iqtisadiyyatının birinci rübdə gözləniləndən daha çox artdığını göstərən məlumatlarla müşayiət olunub. “Brent” markalı neftin barelinin qiyməti 85 dolları, ABŞ-ın Qərbi Texas tipli (WTI) xam neftinin qiyməti isə 81 dolları ötüb.

“JPMorgan” analitikləri bildiriblər ki, FED-in faiz artımlarının dayanacağı gözlənildiyi üçün neft qiymətləri tezliklə daha da artmağa hazırdır. Beləliklə, “Brent” neftinin barelinin qiymətinin dördüncü rübdə mövcud səviyyələrdən 9,5 faiz artaraq 94 dollara çatacağını proqnozlaşdırılır.

“CME FedWatch” alətinə görə, bazarlar FED-in may ayında faiz dərəcələrini daha 25 bənd artıraraq 5 faizdən 5,25 faizədək qaldıracağını gözləyir. “JPMorgan” analitikləri FED-in dərəcələri azaltması ehtimalının az olduğu qənaətindədirlər.

Lakin analitiklər neft tələbinin mütəhərrikliyini saxlayacağını gözləyirlər, çünki nəqliyyat yanacağına ehtiyac yüksək olaraq qalır və ABŞ-ın kommersiya xammal ehtiyatları aşağı düşməyə başlayır.
Bu arada, son üç həftədə ABŞ-də benzinin qiymətləri ardıcıl artmaqdadır, hazırda qiymət göstəricisi 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, OPEC+ ölkələrinin may ayından hasilatı gündəlik əlavə 1,66 milyon barel azaltmaq barədə razılaşmasına cavab olaraq xam neftin qiymətləri keçən həftə 80 dollar həddini keçərək ilin ən yüksək səviyyəsinə çatıb. Bundan əlavə, ABŞ-də benzinə tələbatda da keçən həftə 1,4 faiz artım müşahidə edilib.