Müqavilə bağlamayan sahibkarlara qarşı sanksiyalar tətbiq edilib

2019.05.29 17:32 (UTC+04:00)

Monitorinq olunan işəgötürənlər üzrə qeyri-rəsmi məşğulluq səviyyəsi 23,7 faiz təşkil edib. Müqavilə ilə çalışan 3.044 işçidən 180 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Səyyar monitorinqlərin keçirilməyə başlanıldığı tarixdən sonra bütün işəgötürənlər üzrə 71 min 461 əmək müqaviləsi imzalanıb ki, bunlardan da 19 min 32-si hazırda qüvvədədir.

Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilməkdədir. Monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təxminən 45 faizi rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 9 faizə qədər azalıb.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan işə cəlbetmə ilə bağlı 84 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Ümumilikdə 69-u hüquqi, 15-i isə fiziki şəxs olmaqla 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 527 min manat həcmində inzibati cərimə tətbiq olunub. Bundan başqa, əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlbetmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Baş Prokurorluğa göndərilib. Ümumilikdə 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanılmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilən digər 27 işəgötürən üzrə aşkar edilən əməldə Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azadetmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib. Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqları büdcəyə ödənilib.

Büdcə ödənişlərinin bərpası ilə yanaşı, vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilən 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Nazirlik onlara 468 min manat həcmində vergi sanksiyası tətbiq edib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1 milyon 7 min manat məbləğində cərimə və sanksiya tətbiq olunub.

Fərqanə ALLAHVERDİQIZI