Braziliya prezidenti beynəlxalq ticarətdə dollardan imtina etməyə çağırıb

2023.04.19 13:35 (UTC+04:00)

Braziliyanın dövlət başçısı Luiz İnasio Lula da Silva BRİCS İnkişaf Bankının yeni rəhbəri Dilma Rusefin andiçmə mərasimində çıxış edərək hesablaşmalar üçün dollara alternativ valyutanın yaradılmasının zəruriliyini bəyan edib.

"BRICS kimi bank niyə Braziliya ilə Çin arasında, Braziliya ilə digər ölkələr arasında ticarət əlaqələrini maliyyələşdirə biləcək valyutaya malik ola bilməz? Bu asan deyil, çünki pis vərdişli insanlar var, çünki bütün dünya bir valyutadan asılıdır", - Braziliya prezidenti bildirib.

Lula da Silva əmindir ki, ölkələr hesablaşmalar üçün öz valyutalarından istifadə edə bilərlər və etməlidirlər. 2023-cü ilin yanvarında Braziliyanın rəhbəri kimi o, artıq Cənubi Amerika ölkələrinin MERCOSUR ümumi bazarı üçün vahid valyutanın yaradılmasını təklif etmişdi. BRİCS-ə də eyni fikirlər ilə yanaşan prezidentin fikrincə, beynəlxalq ticarət üçün alternativ alətlərin yaradılması dollardan asılılığı azaltmağa, eləcə də iqtisadiyyatı yaxşılaşdırmağa kömək etməlidir.

Qeyd edək ki, bu ilin mart ayında Braziliya və Çin dollardan istifadə etmədən hesablaşmaları, eləcə də milli valyutalarda kreditləşməni təmin edən klirinq mərkəzinin yaradılmasını elan ediblər. Ekspertlərin rəyinə görə, bu, əməliyyatları asanlaşdıracaq, əməliyyatların dəyərini azaldacaq, ikitərəfli münasibətlərdə dollar asılılığından qurtulmağa kömək edəcək.