Vergi Məcəlləsinin 106-cı maddəsində kənd təsərrüfatı məhsulu istehsalı ilə, o cümlədən sənaye üsulu ilə məşğul olan fiziki və hüquqi şəxslər 2014-cü ilin yanvar ayının 1-dən 10 il müddətinə gəlir vergisindən azad edilib. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olan şəxslər bu sahədə istehsal edib satdığı məhsullar 10 il müddətinə ƏDV-dən azad edilib.
Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz olaraq azad edilib. Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü ilin yanvarın 1-dən bir il müddətinə mənfəət vergisindən azad edilib.
Kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bəzi satışdankənar gəlirlər əldə edirlər. Məsələn, dövlət büdcəsindən daxil olan subsidiyalar, müəyyən transferlər, eləcə də satışla bağlı olmayan əvəzsiz verilən vəsaitlər bura daxil edilə bilər. Yeni dəyişikliyə əsasən, fiziki şəxslər müddətisiz olaraq, hüquqi şəxslər isə 2024-cü il yanvarın 1-dək subsidiyalara görə gəlir və mənfəət vergisi ödəyəməyəcəklər.
Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) resident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilib.