Hebert Molina: “Azərbaycan Avrasiya geosiyasi arenasında yeni aparıcı oyunçuya çevrilir”

2023.04.13 11:26 (UTC+04:00)

“Yol infrastrukturunun inkişafına qoyulan böyük sərmayələr diqqətəlayiqdir. Bu, digər üstünlüklərlə yanaşı, Azərbaycana Avrasiya geosiyasi arenasında yeni mövqe qazanmağa imkan verir”, - ekspert qeyd edib.

E.Molinanın fikrinə görə, əsas nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın ərazisindən mal və məhsulların axınına təminat verəcək, ölkənin dünya bazarlarında iştirakına imkan yaradacaq.

“Son zamanlarda dünya ölkələrini əhalini qorumaq üçün sərt proqramlar həyata keçirməyə məcbur edən COVID-19 pandemiyası kimi bir sıra qlobal şərtlər qeyri-sabitlik yaradaraq dünyada iqtisadiyyatı və sosial dinamikanı kəskin şəkildə ləngitdi. Bu vəziyyət kütləvi məhdudiyyətlər səbəbindən iqtisadiyyatın turizm kimi sektorlarına güclü təsir göstərdi.

Rusiya-Ukrayna müharibəsi regionlardakı bütün ölkələri öz imkanlarını şaxələndirmək məcburiyyəti qarşısında qoydu. Venesuela və Azərbaycan da istisna deyil. Bu yaxınlarda hər iki ölkə turizm və kənd təsərrüfatı məhsullarının mübadiləsi sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan edib”, - E.Molina bildirib.

Ekspert belə hesab edir ki, bu təşəbbüslər hələ inkişaf mərhələsində olsa da, ikitərəfli münasibətlərin gündəmində artıq irəliləyiş əlamətləri var və hər iki ölkə müvafiq qurumları, turizm və mədəniyyət nazirlikləri vasitəsilə investisiyalara böyük maraq göstərir.

“Coğrafi mövqe baxımından üstünlüyə malik olan hər iki ölkənin biomüxtəlifliyi ilə seçilən landşaftı var. İnfrastruktura investisiyalar qoyaraq tədricən optimal və dayanıqlı nəticələr əldə etmək olar ki, bu da əhali arasında mədəni mübadiləni təşviq edəcək”, - ekspert deyib.

Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlər 1995-ci ilin mayında qurulub. E.Molina qeyd edib ki, hər iki ölkə müxtəlif çoxtərəfli təşkilatların üzvü kimi otuz ilə yaxın zaman ərzində dünya geosiyasətinin, enerjisinin, mədəniyyətinin və kommersiya inteqrasiyasının bəzi aspektləri üzrə ümumi məkanları və ideyaları bölüşüblər.

“2016-cı ilin oktyabrında Venesuela Prezidenti Nikolas Maduro Moros və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda 23-cü Ümumdünya Enerji Konfransında görüşüblər. Görüşdə hər iki ölkəni birləşdirən diplomatik kanalların gücləndirilməsi üçün yüksək səviyyəli rəsmi səfərlərin təşkilini əhatə edən birgə iş proqramı nəzərdən keçirilib.

2018-ci ilin əvvəlində Bakıda Venesuela səfirliyinin açılması bu ölkələr arasında diplomatik münasibətləri və iqtisadi inteqrasiyanı dərinləşdirib. Malik olduqları böyük enerji resursları baxımından hər iki ölkənin oxşarlığı səbəbindən kommersiya inteqrasiyasını təşviq etmək, qarşılıqlı ticarət bazarlarını genişləndirmək və ikitərəfli münasibətləri artırmaq üçün bir sıra sazişlər hazırlanıb”, - E.Molina vurğulayıb.

O, qeyd edib ki, indiyədək Azərbaycan və Venesuela münasibətləri möhkəmliyi və qarşılıqlı maraqlarının artması ilə səciyyələnir və bu, hər iki ölkə tərəfindən təsdiq edilmiş sazişlərdə öz əksini tapacaq.

Tamilla MƏMMƏDOVA