İspaniya məhkəməsi ilə futbol ulduzları arasında vergi qalmaqalları səngimək bilmir. Bu dəfə hədəfdə “Monako” komandasının hücumçusu Vissam Ben Yedderdir.
"Monako"nun kapitanı vergidən yayındığına görə 6 ay bir günlük şərti həbs cəzasına məhkum edilib. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, məşhur futbolçu 2017-ci ildə İspaniyanın “Sevilya” klubunda çıxış edərkən “Adidas” şirkəti ilə sponsorluq müqaviləsini bəyan etməyib, digər qanun pozuntularına yol verib və vergidən yayınıb.
32 yaşlı fransalı futbol ulduzu əvvəllər məhkumluğu olmadığı üçün bu cəzanı çəkməyəcək. O, növbəti iki il ərzində cinayəti təkrarlayarsa, real həbs müddəti ala bilər. Şərti cəza ilə yanaşı, hücumçu İspaniya büdcəsinə 133 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, 2022/23 futbol mövsümündə Ben Yedder "Monako"nun heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.