Yengicə su anbarı tikiləcək

2023.04.12 15:56 (UTC+04:00)

Prezident İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırııb.

Ölkədə su ehtiyatlarının artırılması, əkinəyararlı torpaqların genişləndirilməsi, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələ rayonunda su anbarının tikintisi məqsədilə qərara alınıb ki, Qəbələ rayonunda Yengicə su anbarı tikilsin.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tapşırılıb ki, Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.