Hindistan dünyanın ən çox əhali yaşayan ölkəsi olacaq

2023.04.12 13:40 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı aprelin sonuna qədər Hindistanın Çini keçərək dünyada əhalinin ən sıx məskunlaşdığı ölkə olacağını açıqlayıb.

Türkiyənin “İhlas” informasiya agentliyinin xəbərində bildirilir ki, Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınmışdı. Yeni siyahıyaalmada ölkə əhalisinin 1,4 milyarda çatacağı gözlənilir.

Mütəxəssislər Çində əhalinin sayının azalmasına 1979-2016-cı illər arasında həyata keçirilmiş “bir uşaq” siyasəti, yaşayış və təhsil xərclərinin yüksək olması və son 3 ildə tətbiq edilən sərt "Sıfır COVID" siyasətinin səbəb olduğunu bildirirlər.

Qeyd edək ki, Çində ailələrə 2016-cı ildən iki, 2021-ci ildən isə üç uşaq dünyaya gətirməyə icazə verilir, eləcə də azalan doğum nisbətini artırmaq üçün güzəştlər, vergilərin azaldılması və daha yaxşı səhiyyə xidməti tətbiq edilir. Bununla belə, doğum nisbətində davamlı artım qeydə alınmayıb. Beləliklə, Çinin uzun müddət "dünyada əhalinin ən sıx məskunlaşdığı ölkə" titulunun yaxın günlərdə rəsmən Hindistana keçəcəyi gözlənilir.