Fransa prezidenti dollardan asılılığı azaltmağa çağırıb

2023.04.11 13:13 (UTC+04:00)

Fransanın prezidenti Emmanuel Makron ötən həftə Çinə səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qlobal maliyyə dünyası üçün maraq doğura biləcək bəyanatla çıxış edib. ABŞ dollarını hədəfə alan E.Makron “dollardan asılılığı azaltmalıyıq” mesajını verib.

“CNN Türk” kanalının xəbərinə görə, Avropanın “ABŞ-ın ardınca getmək” üçün təzyiqlərə müqavimət göstərməli olduğu fikrini müdafiə edən E.Makron Avropanın üzləşdiyi ən böyük risklərdən birinin ondan qaynaqlanmayan böhranlara düşmək olduğunu bildirib.

Tayvan probleminə toxunan E.Makron qeyd edib ki, Avropa bu məsələdə Çin və ABŞ arasında yaranan gərginliyin tərəfi olmaqdan çəkinməlidir.

Avropanın strateji sərbəstliyi məsələsini önə çəkən E.Makron Fransanın rəhbərliyi ilə Avropanın üçüncü fövqəldövlət olmasının vacibliyini vurğulayıb.

“Qarşıdan gələn ən böyük risk bizim olmayan və Avropanın öz strateji sərbəstliyini qurmasına mane olan böhranlara qapılmaqdır”, - Makron bildirib.

Pekinin və Moskvanın da davamlı olaraq gündəmə gətirdiyi beynəlxalq rezerv olaraq ABŞ dollarından asılılıqdan narahat olduğunu bildirərək bu məsələdə Avropanın asılılığı azaltmasının vacibliyinə diqqət yönəldən E.Makron: “İki super güc arasında gərginlik artarsa... strateji sərbəstliyimizi maliyyələşdirmək üçün vaxtımız və resurslarımız olmayacaq və biz asılı vəziyyətə düşəcəyik”, - deyib.