Qazaxıstanla əmtəə dövriyyəsinin artırılması realdır

2023.04.11 09:35 (UTC+04:00)

“Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik”.

Bunu aprelin 10-da Qazaxıstana rəsmi səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçımız əlavə edib ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir: “Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar”.

Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdiklərini və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdiklərini deyib: “Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik. Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var”.