Ölkənin baş prokurorunun verdiyi rəsmi açıqlamada, kəşfiyyat və təhlükəsizlik orqanlarının məsləhəti əsasında bu qadağanın mümkün qədər tez qüvvəyə minəcəyi bildirilib.
“TikTok”a məhdudiyyətin qoyulması Çini təbliğ edən fikirləri yaymaq və istifadəçi məlumatlarına daxil olmaq baxımından yaratdığı təhlükəsizlik və məxfilik narahatlığı ilə əlaqələndirilib.
Qeyd edək ki, son vaxtlar dünyada “TikTok”un meydanı getdikcə daralmaqdadır. Avropa İttifaqının (Aİ) icra orqanı olan Aİ Komissiyası təhlükəsizlik mülahizəsi ilə fevralın 23-də öz işçilərinə “TikTok” qadağası qoyub. AB Komissiyası və Şurasından sonra Avropa Parlamenti də işçilərinin təhlükəsizliyi baxımından Çin sosial media platforması “TikTok”u qadağan edib.
Norveçdə ədliyyə naziri Emilie Enger Mehl ona hökumət tərəfindən ayrılmış telefona “TikTok” proqramını quraşdırdığını bildirmədiyi üçün hökumətdən və ictimaiyyətdən üzr istəməli olub. Danimarka Müdafiə Nazirliyi kibertəhlükəsizlik tədbirləri çərçivəsində öz əməkdaşlarına rəsmi xidmət cihazlarında “TikTok”dan istifadə etməyə qadağa qoyub.
Hindistan hökuməti isə bu addımı 2020-ci ildə atmış, “TikTok” və “WeChat” mesajlaşma proqramı daxil olmaqla bir çox Çin tətbiqinin istifadəsini məxfilik və təhlükəsizlik mülahizələri ilə qadağan etmişdi.
ABŞ-da bir sıra dövlət qurumları, o cümlədən Ağ Ev, Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti Konqresdə səsverməni gözləmədən 2022-ci ilin dekabrında “TikTok”a qadağa qoyub.
ABŞ Nümayəndələr Palatası 28 dekabr 2022-ci ildə üzvlərinin və əməkdaşlarının istifadə etdikləri rəsmi cihazlara “TikTok” tətbiqinin yüklənməsini qadağan edib. Konqres və ABŞ silahlı qüvvələri ilə yanaşı, ABŞ ştatlarının yarıdan çoxu bu proqramın rəsmi cihazlara yüklənməsinə icazə vermir. ABŞ-dan başqa, Kanada, Böyük Britaniya və Yeni Zelandiya hökumətləri də “TikTok”la bağlı oxşar məhdudlaşdırıcı addımlar atıb.