“Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik”. Bu sözləri aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon deyib.
“Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq”,- deyən E.Rəhmon bildirib ki, sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb.
E.Rəhmon energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduqlarını təsdiq etdiklərini diqqətə çatdırıb: “Biz Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcək, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağıq”.