Hebert Molina: “Azərbaycan ilə Venesuela arasında araşdırılmamış potensial gəlirli sahələr çoxdur”

2023.04.06 10:18 (UTC+04:00)

Azərbaycan və Venesuela arasında ticarət hər iki tərəfin marağına uyğun olaraq genişlənib. Bunu “vergiler.az”a beynəlxalq əlaqələr üzrə venesuelalı ekspert, davamlı inkişaf sahəsində müşavir Ebert Molina deyib.

"Mütərəqqi və davamlı artım tendensiyası iqtisadiyyatın strateji və spesifik sahələrinə yönəllib ki, bu da bir çox potensial gəlirli sektorları hələ araşdırılmamış qoyur", - ekspert əlavə edib.

Onun sözlərinə görə, indiyədək imzalanmış sazişlər sayəsində iki ölkə arasında ticarət dövriyyəsi həcminin artacağı proqnozlaşdırılır.

“Təşəbbüslər möhkəmləndikcə və ikitərəfli platformalar genişləndikcə bazarların təbii genişlənməsini görəcəyik ki, bu da yeni məkanları əhatə edən kommersiya qurumlarının yaradılmasını tələb edəcək. Onu da vurğulamaq lazımdır ki, son illər Azərbaycanın özəl qurumları hər iki ölkənin iş adamları arasında qarşılıqlı əlaqəni təşviq etmək üçün bir sıra tədbirlər təşkil edir və bununla da özəl sektor arasında ikitərəfli münasibətləri gücləndirməyə çalışırlar”, - ekspert vurğulayıb.

O, bildirib ki, yaxın keçmişdə daxili ictimai-siyasi vəziyyəti qeyri-sabit olduğuna baxmayaraq, Venesuela son dövrlərdə öz iqtisadiyyatında müsbət göstəricilər nümayiş etdirir.

“Tənəzzül zamanı bəzi strateji malların idxalı Venesuelanın daxili iqtisadiyyatını gücləndirməyə kömək etdi. İndi ölkə iqtisadiyyatının bərpası istiqamətində işlər görülür. Bunun üçün böyük xammal ehtiyatları, hazır məhsullar, sənaye infrastrukturu, eləcə də yol və dəniz infrastrukturunun inkişafı üçün texnologiyalar, mallar və xidmətlər tələb olunacaq. Bu, Azərbaycan sərmayədarları üçün hər iki ölkənin iqtisadiyyatını stimullaşdıran və təşviq edən özəl və dövlət sektorları arasında ikitərəfli assosiasiyaların yeni formatlarını araşdırmaq üçün əla fürsət açır”, - ekspert deyib.

Tamilla MƏMMƏDOVA