Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Bu dəhlizin açılması ilə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi "Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək” sözləri də həyatda öz əksini tapacaq.
Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ay Ankarada Türkdilli Dövlətlər Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dövlətimizin başçısının Türk dünyasının birliyinə verdiyi daha bir töhfə kimi qiymətləndirilməlidir. Çünki bu Zirvə görüşündə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Türk dövlətlərinin həmrəyliyi, qarşılıqlı yardımı və fövqəladə hallarda birgə hərəkət etmək kimi məsələlər əsas müzakirə mövzusu oldu.
Dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim olunması, həmçinin onun Qazaxıstanın ali ordeni ilə təltif edilməsi türk dövlətləri tərəfindən Azərbaycana və onun rəhbərinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan-Tacikistan münasibətlərinə qısa baxış
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri baş tutacaq. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçiriləcək səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.
Səfər çərçivəsində rəsmi qəbul paytaxt Düşənbə şəhərində yerləşən Millətlər Sarayında baş tutacaq.
Dünən isə Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" və "Аmonatbonk" arasında anlaşma memorandumları imzalanıb.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçiriləcək.
Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib.
Parlamentlərarası əlaqələrə gəldikdə deyə bilərik ki, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur.
Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
Mədəni əlaqələr: Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub.
Hərbi sahədə əməkdaşlıq: 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır.
Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, onlardan 6-sının təhsili bu il başa çatacaq.
Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.
Bəzi statistik məlumatlar: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib.
Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.
2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib.
Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir.
2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.
Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.
AZƏRTAC