Mənzil İnşaatı Dövlət Agentliyi son investisiya müsabiqələrinin nəticələrini açıqlayıb. Bildirilib ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilən müsabiqənin qalibi "AS Tikinti" MMC (www.asgroup.az) olub. Şirkət Yasamal rayonunda xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 6 çoxmənzilli yaşayış binasının tikintisi üçün 20 milyon manata yaxın investisiya qoyacaq.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si on iki, 4-ü doqquzmərtəbəli) yerləşən mənzillərdən 100-ü Agentliyin sərəncamına veriləcək və "Güzəştli mənzil" elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.