Almaniyanın maliyyə naziri rekord vergi gəlirinə baxmayaraq hökuməti qənaət etməyə çağırıb

2023.04.04 12:18 (UTC+04:00)

Gələn il 1 trilyon avrodan çox olacağı gözlənilən vergi gəliri Almaniyanın bütün qanuni öhdəliklərini yerinə yetirməsinə kifayət etməyəcək. Ölkənin maliyyə naziri Xristian Lindner bu fikirdədir.

Almaniyada nəşr olunan həftəlik “Bild am Sonntag” qəzetinə müsahibəsində nazir deyib ki, hökumət pula qənaət etmək və əlavə xərclərdən qaçmaq yollarını tapmalıdır. K.Lindner, 2024-cü ilin federal büdcəsini planlaşdırıldığı kimi iyun ayında təqdim edəcəyini bildirib. Onun sözlərinə görə, Almaniyanın hakim koalisiyası xərc planlarını birlikdə müzakirə etməlidir. Büdcənin prioritetlərinə nəqliyyat sektorunda infrastrukturun modernləşdirilməsi, rəqəmsallaşma və Almaniya ordusunun gücləndirilməsi, həmçinin təhsil və tədqiqata dəstək daxil edilməlidir. Digər layihələrə isə "arzu olunan, lakin hazırda həyata keçirilə bilməyən" kimi yanaşılmalıdır.