ABŞ Maliyyə Nazirliyi elektriklə işləyən avtomobillər üçün aprelin 18-dən tətbiq olunacaq yeni qaydalar haqqında açıqlama yayıb.
Açıqlamada “İnflyasiyanın azaldılması haqqında” Qanun çərçivəsində "təmiz nəqliyyat vasitələri" ilə bağlı Maliyyə Naziriliyi və Daxili Gəlirlər Xidmətinin (IRS) yeni qaydalarını ehtiva edən sorğu bələdçisinin nəşr edildiyi bildirilib.
Qeyd edilib ki, bu qaydalar ABŞ-da istehlakçıların xərclərinin azaldılmasına, davamlı sənaye təməlinin yaradılmasına və istehsalın stimullaşdırılmasına töhfə verəcək, eləcə də tərəfdaşlarla enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edən təchizat zəncirlərini gücləndirəcək.
Açıqlamada “İnflyasiyanın azaldılması haqqında” Qanunun qüvvəyə minməsindən bu yana ölkədə "təmiz nəqliyyat vasitəsi" və akkumulyator tədarükü zəncirinə ən azı 45 milyard dollar həcmində özəl sektor sərmayəsinin qoyulduğu xatırladılıb, yeni sorğu bələdçisinin bu sərmayələrdən işçilərin, şirkətlərin və istehlakçıların faydalanmasını təmin edəcəyi vurğulanıb.
Yeni qaydalara görə, elektriklə işləyən nəqliyyat vasitələrinin vergi təşviqlərindən faydalanmaq üçün nəqliyyat vasitələrinin son montaj işləri Şimali Amerikada həyata keçirilməli, eləcə də mikroavtobus, pikap və ya minik avtomobillərinin satış qiyməti 80.000 dollardan, digər nəqliyyat vasitələrinin satış qiyməti isə 55.000 dollardan artıq olmamaladır.
Bundan əlavə, 7.500 dollarlıq vergi güzəşti əldə edə bilmək üçün nəqliyyat vasitəsində istifadə edilən həm əsas mineral maddələr, həm də akkumulyator komponentləri üçün yerlilik dərəcələri tələləblərinə əməl etmək şərti irəli sürülüb.
Bu şərtlər çərçivəsində ABŞ-də və ya ABŞ-nin sərbəst ticarət sazişi imzaladığı hər hansı ölkədə elektriklə işləyən avtomobillərin istehsalı üçün hasil və ya emal edilməli olan əsas mineral maddələrin nisbəti 2023-cü ildə 40 faiz olduğu halda, 2026-cı ildə bu göstərici 70 faizə çatdırılmalıdır.
Batareya komponentləri üçün yerli istehsal nisbəti isə bu il üçün 50 faiz müəyyənləşdirildiyi halda, tədricən artırılaraq 2029-cu ildə 100 faizə çatdırılmalıdır.