Süni intellektin ÜDM və əmək bazarına təsiri necə olacaq?

2023.03.29 16:35 (UTC+04:00)

Məşhur “Goldman Sachs” (GS) bankının araşdırmasına görə, süni intellektin (Sİ) inkişafındakı son nailiyyətlərin ABŞ və Avrozonada görülən bütün işlərin dörddə birinin avtomatlaşdırılmasına səbəb olacağı gözlənilir. Bu, əmək məhsuldarlığına təkan verə və on il ərzində qlobal ümumi daxili məhsulu (ÜDM) 7 faiz artıra bilər. Bu proses isə 300 milyon iş yerinə təsir edəcək. Bununla belə, ekspertlər vurğulayırlar ki, bu, kütləvi ixtisar demək deyil – çünki bir çox insanlar monoton vəzifələrdən azad ola və daha yaradıcı fəaliyyətlə məşğul ola biləcəklər ki, bu da yalnız ümumi əmək məhsuldarlığını artıracaq.

GS iqtisadçıları inkişaf etmiş ölkələrdə və bütün dünyada generativ süni intellektin iqtisadiyyat və əmək bazarı üçün mümkün nəticələri ilə bağlı araşdırma dərc ediblər. Artıq bir çox ekspertlər qeyd edirlər ki, yeni texnologiyalar əmək bazarına 1970-1980-ci illərdə istehsalın avtomatlaşdırılması prosesində olduğu kimi təsir göstərəcək. GS mütəxəssislərinin fikrincə, generativ süni intellekt inzibati vəzifələrdə çalışan ofis işçiləri, eləcə də hüquq mütəxəssisləri üçün daha çox risklər yaradır.

Hesabatın müəllifləri hesab edirlər ki, ABŞ və Avropada süni intellektin təsirini bütün işçi qüvvəsinin təxminən 63 faizi hiss edəcək. Əsasən fiziki əməklə məşğul olan və ya ofislərdən kənarda işləyən işçilərin qalan 30 faizinin işinin bəzi aspektlərini avtomatlaşdırmaq mümkün olsa belə, onlar, çətin ki, bu texnologiyanın təsirini hiss etsinlər.

Ümumiyyətlə, GS iqtisadçıları ciddi nəticələr çıxarmağa tələsmirlər - onların fikrincə, ABŞ-da işçi qüvvəsinin yalnız 7 faizi ixtisara düşə bilər. Əvvəlki avtomatlaşdırma dalğalarında olduğu kimi, adətən bu işçilərə yenidən hazırlıq keçmək, tələbat yüksək olan sənaye sahələrində və bir qayda olaraq, daha yaradıcı işlərdə işləmək təklif olunur.

Beləliklə, təkcə ABŞ-da süni intellekt növbəti on il ərzində məhsuldarlığı ildə təxminən 1,5 faiz artıra biləcək, halbuki son on ildə ABŞ-da əmək məhsuldarlığı ildə cəmi 1,3 faiz artıb.

Qlobal iqtisadiyyata gəlincə, şirkətlərin ən azı yarısında müasir süni intellekt texnologiyalarının tətbiqi yaxın on ildə qlobal ÜDM-i 7 faiz artıra bilər ki, bu da təxminən 7 trilyon dollara bərabərdir. Yaxın onillikdə dünya iqtisadiyyatının məhsuldarlığı da ildə 1,4 faiz artacaq.

Hesabatın müəllifləri, GS iqtisadçıları Cozef Briqqs və Daveş Kodnani deyirlər ki, qısamüddətli dövrdə generativ süni intellektin əmək bazarına birbaşa təsirini mənfi adlandırmaq olar: “Lakin uzunmüddətli perspektivdə əmək məhsuldarlığına və iqtisadi artıma təsir müsbət olacaq”.