Vaşinqtonda Trans-Xəzər Forumu keçirilib

2019.05.24 15:39 (UTC+04:00)

Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirib. ABŞ Dövlət Departamenti forumla bağlı bəyannamə yayaraq iştirakçı ölkələri böyük Xəzər regionunda firavanlığın və sülhün gücləndirilməsi üçün işlər görməyə, Amerika Birləşmiş Ştatları və region ölkələri arasında biznes, akademik, mədəni və digər əlaqələri möhkəmləndirməyə və əməkdaşlığı gücləndirməyə çağırıb.

2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət, biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir. ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman və Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti ABŞ Ticarət Palatasının Vaşinqtondakı baş ofisində keçirilən IV Trans-Xəzər Forumunun açılışında tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, eləcə də Əfqanıstanın, Gürcüstanın, Qazaxıstanın, Türkiyənin, Özbəkistanın və Tacikistanın səfirliklərinin nümayəndələri çıxış ediblər. Elin Süleymanov çıxışında əməkdaşlığın və əlaqələrin Azərbaycan üçün hər zaman prioritet məsələ olduğunu bildirərək, yaradılan iqtisadi əməkdaşlıq komissiyalarını təqdir edib.