Əmək Məcəlləsinin 3-cü maddəsinə yeni anlayış daxil edilib. Məcəllənin 2-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis - peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) hesab olunur.
Göründüyü kimi, işğaldan azad edilmiş ərzailərdə işləyən şəxsin həmin kateqoriyaya aid mütəxəssis hesab edilməsi üçün 3 şərtin gözlənilməsi vacibdir:
- peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi olmalıdır;
- son 60 ay ərzində ən azı 24 ay əmək stajı olmalıdır;
- işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi (kontraktı) əsasında işləməlidir.
Misal 1: Əmək fəaliyyətinə yeni başlayan gənc 2022-ci ilin iyul ayından təhsil müəssisəsini bitirərək işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında çalışır. “İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis” anlayışı ona aid edilə bilərmi?
Xeyr. Çünki ali təhsil haqqında dövlət sənədi olsa və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında çalışsa da, son 5 il ərzində əmək stajı 2 ildən az olduğu üçün həmin işçi işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssis meyarlarına uyğun gəlmir. Güzəşt və imtiyazlar paketi 10 il müddətinə nəzərdə tutulduğu üçün, 2 il əmək stajı olduqdan sonra şəxs işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis meyralarına uyğun hesab ediləcək.
İşçinin son 5 ildə 2 il əmək stajı üçün müəyyən olunmuş dövrdə onun fasilələrlə və ya davamlı şəkildə işləməsinə dair xüsusi tələb yoxdur. Əsas odur ki, son 5 illik dövrdə fasilələrlə və ya davamlı şəkildə olmasından asılı olmayaraq 2 illik əmək stajı olsun.
Misal 2: Ali təhsil haqqında sənədi olan mütəxəssisin son 5 ildə 3 illik əmək stajı var və o, işğaldan azad edilmiş ərazilərdə mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərir. O, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis meyarlarına uyğun hesab edilirmi?
Xeyr. Çünki ali təhsil haqqında sənədə və son 5 illik dövrdəki əmək stajı tələbinə cavab versə də, o, mülki hüquqi müqavilə əsasında xidmət göstərdiyinə görə işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssis meyarına uyğun hesab edilmir. O, əmək müqaviləsi əsasında çalışarsa, meyarlara uyğun hesab ediləcək.
Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılmasını qəti qadağan edir. Lakin həmin maddənin 2-ci bəndinə əsasən, bir qrup şəxslərə edilən güzəşt və imtiyazlar ayrı-seçkilik hesab edilmir. Bu şəxslər qadınlar, əlilliyi olan şəxslər, yaşı 18-dən aşağı olan şəxslər və sosial müdafləyə ehtiyacı olan digər şəxslərdir. Yeni dəyişiklikdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə də güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri” adlı yeni 21-1-ci maddə əlavə edilib. Məcəllənin 21-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
- mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
- mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.
Burada diqqət yetirilməli məqamlar bunlardır:
1. İşğaldan azad edilmiş ərazilərdə işləyən şəxsin əmək müqaviləsi bağladığı işəgötürən, o cümlədən hüquqi şəxsin vergi uçotuna alınmış filial və nümayəndəliyi faktiki olaraq həmin ərazilərdə fəaliyyət göstərməklə yanaşı, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalıdır.
Vergi Məcəlləsinin 33.2-ci maddəsində göstərilib ki, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.
2. Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisin əmək müqaviləsi bağladığı işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmaqla yanaşı, faktiki olaraq həmin ərazilərdə fəaliyyət göstərməlidir.
3. İşğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında fəaliyyət göstərən mütəxəssis həmin ərazilərdə məskunlaşmış olmalıdır.
Əmək Məcəlləsinin 21-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 21-1.1.1-21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.
Deməli, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin Əmək Məcəlləsi və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş güzəşt və imtiyazlardan faydalanması üçün yuxarıda sadalanmış halların biri və ya bir neçəsinin deyil, birgə mövcud olması baş verməlidir. Müəyyənləşdirilmiş güzəşt və imtiyazlar yalnız əmək müqaviləsi əsasında çalışan şəxslərə şamil edilir.
Misal 3: “A” MMC işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınsa da, iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşmir. Bu halda işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis meyarlarına uyğun gələn işçiyə güzəştlər tətbiq edilirmi?
Xeyr. Çünki işğaldan azad edilmiş ərazinin rezidenti hesab edilən müəssisə həmin ərazilərdə vergi uçotuna alınmaqla yanaşı, həm də faktiki olaraq həmin ərazilərdə yerləşməlidir.
Misal 4: Ali təhsil haqqında sənədi, son 5 ildə 4 illik əmək stajı olan mütəxəssis işğaldan azad edilmiş ərazilərin rezidenti hesab edilən müəssisədə əmək müqaviləsi əsasında fəaliyyət göstərir. İşğaldan azad edilmiş əraziyə yaxın rayonda yaşayan bu işçi işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan faydalana bilərmi?
Xeyr. Çünki o, digər meyarlara cavab versə də, Əmək Məcəlləsinin 21-1.1.3-cü bəndinin müəyyənləşdirdiyi “mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda” meyarına uyğun gəlmir.
Əmək Məcəlləsinə edilmiş əlavələrdən biri də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti” adlı yeni 118-1-ci maddədir. Burada göstərilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Yuxarıda sadaladığımız hallar baş verdikdə işğaldan azad edilmiş ərazilərdə işləyənlərə əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq ildə 5 təqvim günü müddətinə əlavə məzuniyyət veriləcək.
Misal 5: 15 ildən çox əmək stajı olan mütəxəssis işğaldan azad edilmiş ərazidə istehsalat müdiri vəzifəsində çalışır. O, 14 yaşınadək üç uşağı təkbaşına böyüdən ata statusuna malikdir. Onun illik məzuniyyət hüququ neçə gün olacaq?
Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçi məsul vəzifədə çalışdığı üçün 30 təqvim günü müddətinə əsas əmək məzuniyyət hüququ olacaq.
Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, 14 yaşadək üç və daha çox uşağı olan qadınların 5 təqvim günü müddətinə əlavə məzuniyyət hüququ vardır. Bu maddədə nəzərdə tutulan məzuniyyət hüquqları uşaqlarını təkbaşına böyüdən atalara da aiddir.
Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Deməli, işçinin 30 təqvim günü müddətinə əsas məzuniyyəti, ümumilikdə 10 gün əlavə məzuniyyət hüququ olacaq.
Xatırladaq ki, bu güzəşt 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.
Əmək Məcəlləsinin 159-cu maddəsində əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqlarının ödənilməsinin xüsusi norması müəyyən edilib. Əlavələrdən sonra həmin şəxslərin siyahısına Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər də əlavə edilib. Bu artımların dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarı ilə təsdiq edilib.
Bu güzəşt də 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 5 il müddətinə qüvvədədir.
Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: Testlər və praktiki məsələlər toplusu” kitabı