Beynəlxalq KPMG analitik təşkilatının mütəxəssislərinin apardıqları təhlilə əsasən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin keçən il qanunsuz siqaret satışına görə itirdikləri verginin məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edib. 2015-ci ildə Aİİ-nin tütün məhsulları bazarında qeyri-leqal siqaret 0,6 faiz təşkil etdiyi halda, keçən il bu göstərici 6,8 faizə çatıb. 2018-ci ildə bu iqtisadi birlik məkanında 20 milyard qanunsuz siqaret satılıb.
Ekspertlərin hesablamalarında göstərilib ki, qanunsuz siqaret satışının ən geniş yayıldığı ölkə Rusiya Federasiyasıdır. Bu ölkənin tütün məhsulları bazarının 8,7 faizini qanunsuz siqaretlər təşkil edir. Rəqəmin belə böyük olmasının bir səbəbi də o ola bilər ki, qeyri-leqal siqaret satışının qiymətləndirilməsi zamanı Rusiyadakı faktların təxminən 95 faizi aşkarlanır. Analitiklər problemin bir səbəbini də son illərdə siqaretin qiymətinin kəskin şəkildə artırılması ilə izah edirlər: 2010-2016-cı illərdə əhalinin hər nəfərinə düşən real gəlirin məbləği 12,6 faiz, siqaretin satış qiyməti isə 150 faiz artıb.