Dünya iqtisadiyyatı üçün “itirilmiş onillik” formalaşmaqdadır. Bu fikri Dünya Bankının baş iqtisadçısı və inkişaf iqtisadiyyatı üzrə baş vitse-prezidenti İndermit Gill söyləyib.
"Qlobal iqtisadiyyat “itirilmiş onilliyə” qədəm qoya bilər. Potensial artımın davam edən azalması dünyanın dövrümüz üçün xarakterik olan dərin yoxsulluq, gəlir bərabərsizliyi və iqlim dəyişikliyi kimi geniş spektrli problemləri həll etmək qabiliyyətinə ciddi təsir göstərir",- deyə İ.Gill bildirib.
Baş iqtisadçının hesablamalarına görə, potensial artımın azalması “əməyi həvəsləndirən, məhsuldarlığı artıran və investisiyaları sürətləndirən” siyasətin köməyi ilə dayandırıla bilər.
Dünya Bankının hesabatına görə, ölkələr dayanıqlı, artım yönümlü siyasət qəbul edərsə, potensial qlobal ÜDM artımı 0,7 faiz bəndi artırılaraq orta illik 2,9 faizə çatdırıla bilər.
Beynəlxalq təşkilatın yenilənmiş proqnozuna əsasən, 2022-ci ildən 2030-cu ilə qədər dünya ÜDM-nin orta potensial artım tempi ildə 2,2 faiz təşkil edəcək.