Altay Dyusekeyev: “Qazaxıstanın ticarət dövriyyəsinin ümumi həcmində Azərbaycanın payı artıb” MÜSAHİBƏ

2023.03.28 11:03 (UTC+04:00)

- Cənab Dyusekeyev, ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın əsas parametrləri rəqəmlərlə necə ifadə olunur?

- Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi son beş il ərzində 2,1 dəfə artıb: 221,2 milyon dollardan 461,9 milyon dollara çatıb.

Qazaxıstanın ticarət dövriyyəsinin ümumi həcmində Azərbaycanın payı 0,2%-dən 0,3%-ə yüksəlib. Ümumiyyətlə, ölkələrimiz arasında ticarət balansı yaxşı dinamika göstərir. Beş il ərzində Qazaxıstandan Azərbaycana ixracın həcmi 114% artaraq 175,1 milyon dollardan 375,3 milyon dollara, Azərbaycandan Qazaxıstana ixracın həcmi isə 88 faiz artaraq 46,1 milyon dollardan 86,6 milyon dollara çatıb.

Qazaxıstandan ixrac edilən malların strukturunda buğda 25%, xam neft 20%, dəmir yolu elektrovozları 4%, prokat, dəmir yolu və tramvay yolları üçün relslər 3% üstünlük təşkil edir. Azərbaycan Qazaxıstana daha çox xüsusi təyinatlı üzən gəmi (17%), şəkər (16%), polipropilen (11%) və qara metal borular (9%) ixrac edir.

Azərbaycan Qazaxıstana daha çox xüsusi təyinatlı üzən
gəmi, şəkər, polipropilen və qara metal borular ixrac edir

- Sizcə, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün hansı sahələr hərəkətverici qüvvə ola bilər?

- Qazaxıstan Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. 2022-ci ilin avqustunda Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı çox mühüm sənəd - Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün hərtərəfli proqram imzalanıb və bununla iki ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Gələcəkdə iqtisadi tərəfdaşlığımızın əhəmiyyəti və nəqliyyat-loqistika sektorunun inkişafında ümumi maraqlarımız daha da artacaq. Mən bunu deyərkən Şərq-Qərb Transxəzər dəhlizi ilə bağlı dördtərəfli bəyannamənin imzalanmasını nəzərdə tuturam. Bu dəhlizdə ölkələrimizlə yanaşı, Türkiyə və Gürcüstan da iştirak edir. Bu cür alternativ marşrutlar yüklərin tədarükündə loqistik zəncirlərin qırılmasının qarşısını almağa kömək edəcək.

Gələcəkdə iqtisadi tərəfdaşlığımızın əhəmiyyəti və nəqliyyat-loqistika
sektorunun inkişafında ümumi maraqlarımız daha da artacaq

- Bu gün Bakı ilə Astana arasında mövcud olan hansı birgə layihələri qeyd etmək istərdiniz?

- Belə layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Keçən il hökumətlərimiz arasında bağlanmış saziş bizə neftin nəqlini 1,5 milyon bareldən 6-6,5 milyon barelə çatdırmağa imkan verdi.

Bundan əlavə, ölkələrimiz arasında Xəzər dənizinin dibi ilə bizi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi ilə birləşdirəcək fiber-optik rabitə xəttinin çəkilməsi haqqında saziş imzalanıb. Bu, Çin və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin iştirak etdiyi genişmiqyaslı layihədir və “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrin rəqəmsal əlaqəsinin təkmilləşdirilməsini nəzərdə tutur. Xəzərin dibi ilə fiber-optik xəttin çəkilməsi bu layihənin həyata keçirilməsinin mərhələlərindən biridir.

Biznesə başlamaq üçün əlverişli şəraitin yaradılması hesabına
Qazaxıstan son illər yüksək investisiya potensialı nümayiş etdirir

- Qazaxıstan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları cəlb edə bilər?

- İlk növbədə tikinti sektorunu qeyd edə bilərəm. Dövlətimizin qarşısında aydın məqsəd var - tikintinin həcmini ildən-ilə artırmaq. Ona görə də, məncə, azərbaycanlı investorlar buna diqqət yetirməlidirlər.

İkinci istiqamət qida sənayesidir. Qazaxıstan Respublikası hökuməti idxalın əvəzlənməsi ilə bağlı qarşısına çox mühüm vəzifə qoyub, investorlar üçün güzəştlər və üstünlüklər təmin edən inkişaf proqramları qəbul edib. Buna misal olaraq “Daxili dəyər və ixracyönümlü sənayelərin inkişafı proqramı”nı göstərmək olar.

Üçüncü istiqamət isə kənd təsərrüfatı, o cümlədən heyvandarlıqdır. Qazaxıstan öz ərazisinə görə dünyanın 9-cu böyük ölkəsidir. Ölkə ərazisinin 210 milyon hektardan çoxu kənd təsərrüfatı təyinatlı torpaqlardır. Kənd təsərrüfatı və qida sənayesi iqtisadiyyatın ən mühüm sahələrindəndir. Qazaxıstan hazırda idxaldan, o cümlədən ət idxalından asılıdır. Hazır və ya konservləşdirilmiş qida və kolbasa istehsalında kiçik də olsa, kəsir qeydə alınıb. Quş əti istehsalında da cüzi idxal asılılığı var.

Biznesə başlamaq üçün əlverişli şəraitin yaradılması hesabına Qazaxıstan son illər yüksək investisiya potensialı nümayiş etdirir və fikrimcə, qeyd etdiyim bu üç sahə xarici investorlar üçün daha cəlbedicidir.

Tamilla MƏMMƏDOVA