Aİ ölkələri vergi və büdcə siyasəti prinsipləri ilə bağlı razılığa gəliblər

2023.03.27 13:30 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri həyata keçirilməli olan vergi və büdcə siyasətinin əsas prinsiplərini təsdiq ediblər.

“Reuters” agentliyinin məlumatına görə, maastrixt meyarlarının əsas müddəaları dəyişməz olaraq qalıb: büdcə kəsiri 3%-dən, dövlət borcunun ÜDM-ə nisbəti isə 60%-dən çox olmamalıdır.

Hazırda bu tələblərə əməl etməyən ölkələrin hökumətləri vəziyyətdən çıxış yollarını Avropa Komissiyası ilə fərdi şəkildə müzakirə edəcəklər. Problemlərin həlli üçün onlara dörd ildən yeddi ilə qədər vaxt veriləcəyi təxmin edilir. İslahatların həyata keçirilməsi, “yaşıl iqtisadiyyat”a keçid və ya rəqəmsallaşma məsələlərinin həlli, eləcə də müdafiə imkanlarının artırılması zamanı son tarixin müddəti uzadıla bilər.
Razılaşma sənədində müəyyən edilmiş qaydalardan fors-major vəziyyətində qəbul edilmiş prinsiplərdən müvəqqəti kənara çıxmağa imkan verən bənd var, lakin bu tədbir digər hökumətlər tərəfindən təsdiqlənməlidir.