Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb.
Bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı söyləyib.
Qeyd edilib ki, ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Bu da 2021-ci illə müqayisədə 18,8 faiz çoxdur.
Baş nazir vurğulayıb ki, hesabat ilində Dövlət Taxıl Fondunda ərzaqlıq buğda ehtiyatının artırılması üçün 87,5 milyon manat vəsait ayrılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 69 faizi aqrar sektora yönəldilib.
AZƏRTAC