Vüqar Bayramov: “Dövlət başçısının Almaniya səfəri iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”

2023.03.15 11:19 (UTC+04:00)

Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr artım dinamikası ilə inkişaf edir. “vergiler.az” xəbər verir ki, bu fikri millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, 2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə, ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib:

“Son iki ildə ticarət həcmini 54 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar. Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Təbii ki, qarşılıqlı sərmayə qoyluşlarında potensial daha böyükdür. Xüsusən də Almaniya şirkətləri texnologiya və innovasiya transferi baxımdan böyük imkanlara malikdirlər. Göründüyü kimi, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

Xatırladaq ki, Avropa İttifaqının aparıcı ölkələrindən olan Almaniya 3.85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “köhnə qitə”də isə ən böyük iqtisadi gücdür.