“Vergi və Mühasibatlıq Zirvəsi”ndə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı müzakirələr aparılıb

2023.03.13 16:59 (UTC+04:00)

Martın 11-də “Facemark” və “Good Finance” şirkətinin təşkilatçılığı ilə mühasiblər, biznes nümayəndələri və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilib.

Tədbirdə 20-ə yaxın spikerin məruzələri 4 paneldə dinlənilib. Panellər "Mühasibatlıq və rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası”, “Maliyyə hesabatları və audit”, “Vergi riskləri” mövzularını əhatə edib.

Zirvənin “Vergi riskləri” panelində iştirakçıların işğaldan azad edilmiş ərazilərdə verilən güzəştlərin əhatə dairəsi, uyğunsuzluq məktublarının və bəyannamə formalarının təkmilləşdirilməsi, riskli vergi ödəyicisi ilə bağlı meyarlar, bank hesabında sərəncam olan vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin dəqiqləşdirilməsi məsələləri ilə bağlı sualları DVX-nin nümayəndələri tərəfindən cavablandırılıb.

Həmçinin iştirakçılar tərəfindən əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı səsləndirilən çətinliklər, o cümlədən mal satışı ilə bağlı satıcılar tərəfindən sənəd təqdim edilməməsi, bir sıra hallarda, xüsusilə regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən malların sənədlə alışından imtina edilməsi, sənədsiz alış zamanı malların dəyərinin bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməsi və bir sıra aktual məsələlər müzakirə edilib.