Türk İnvestisiya Fondunun yaradılması regiondaxili ticarətin inkişafına kömək edəcək

2023.03.13 15:51 (UTC+04:00)

Qazaxıstanda “Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması barədə” Prezident fərmanının layihəsi hazırlanıb.

Saziş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın Şuranın dövlət başçılarının 2021-ci il noyabrın 12-də İstanbulda qəbul edilmiş qərarı əsasında Türk İnvestisiya Fondunun yaradılması barədə razılığını nəzərdə tutur.

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, Türk İnvestisiya Fondunun yaradılması regiondaxili ticarətin inkişafına kömək edəcək. Fondun yaradılması kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal güclərinin genişləndirilməsinə təkan verəcək. Qurum fiziki və rəqəmsal infrastruktur, sənaye istehsalı, nəqliyyat, kənd təsərrüfatı, İKT, yaşıl iqtisadiyyat, turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləyəcək.

Sənəd martın 29-dək "Açıq hüquqi aktlar portalı”nda əlçatan olacaq.