Sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, ölkədə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviqi, dürüst və şəffaf uçotun qurulması sahəsində uğurlu təcrübələrin tətbiqi Azərbaycanda vergi inzibatçılığının əsas istiqamətlərindəndir. Bu islahatların həyata keçirilməsində beynəlxalq təcrübədə istifadə olunan müasir alətlərin tətbiqi məsələlərinə xüsusi önəm verilir. Bu baxımdan, vergi qanunvericiliyinə bir sıra yeniliklər daxil edilir, o cümlədən vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergitutma sisteminin təkmilləşdirilməsi, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin avtomatik məlumat mübadiləsinin genişləndirilməsi və emalın daha effektiv aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, proseslərin rəqəmsallaşdırılması ilə bağlı beynəlxalq standartlar diqqətdə saxlanılır.
Vergidən yayınmaya qarşı qlobal mübarizə
Vergidən yayınmağa cəhd edən şirkətlərin fəaliyyəti nəticəsində hər il dünya ölkələrinin büdcələri 200 milyard dollardan çox vəsait itirir. Bunun qarşısını almaq üçün 2015-ci ildə G20 və İqtisadi Əməkdaşılıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 60-dan çox ölkənin qoşulduğu “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsi yaradılıb. Əsas məqsəd vergidən yayınma hallarının qarşısının alınması, beynəlxaq vergi qaydalarının təkmilləşdirilməsi və vergi mühitinin daha da şəffaflaşdırılmasıdır. İqtisadiyyatın rəqəmsallaşmasından sonra vergidən yayınan qlobal şirkətlərin sayı da durmadan artmaqdadır. Bu xoşagəlməz problemin aradan qaldırılması üçün təsirli alətlərin tətbiqi vacib şərtlərdəndir. BEPS layihəsi bu baxımdan faydalı imkanlar vəd edir. Layihədə, həmçinin, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı məsələlərin tənzimlənməsi, hibrid uyğunsuzluqların təsirinin aradan qaldırılması, nəzarət olunan xarici müəssisə qaydalarının (CFC) təkmilləşdirilməsi, faiz çıxılmalarının məhdudlaşdırılması, qeyri-maddi aktivlər, yüksək riskli transfer qiymətləri üzrə əməliyyatlar, aqressiv vergitutma strategiyalarının açıqlanmasının tələb edilməsi və daimi nümayəndəlik statusundan süni yayınmanın qarşısının alınması üçün çoxtərəfli sazişlərin bağlanması ilə bağlı fəaliyyətlər də mövcuddur. BEPS-in 15-ci Fəaliyyət Planı olan Çoxtərəfli Alət (Multilateral Instrument) üzrə Çoxtərəfli Konvensiyaya qoşulmaq istiqamətində prosedurlar həyata keçirilir. Məqsəd BEPS layihəsi çərçivəsində tətbiq olunan və transmilli şirkətlər tərəfindən həyata keçirilən riskli əməliyyatların və vergidən yayınmanın qarşısını almaqdan ibarətdir.
Azərbaycan BEPS layihəsinə qoşulur
17 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkəmizin İƏİT-nin BEPS layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivəyə qoşulmasına dair sərəncam imzalanıb. İnklüziv Çərçivəyə “minimum standart” hesab edilən əsas 4 fəaliyyət daxildir (5, 6, 13 və 14-cü fəaliyyətlər). Ötən ilin 26 oktyabr tarixində isə “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Razılaşma təsdiq edilib. Ötən il vergi orqanları BEPS layihəsi üzrə inklüziv çərçivəyə qoşulub və bununla da vergi orqanlarının beynəlxalq əməkdaşlıq çərçivəsi və imkanları daha da artıb.
Beləliklə, Azərbaycanın vergi administrasiyası bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, habelə beynəlxalq donor təşkilatları olan Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı kimi təşkilatlarla səmərəli əməkdaşlıq edir, bir sıra yeni beynəlxalq trendlərin tətbiq olunması üçün texniki yardım layihələrindən faydalanır, çoxsaylı beynəlxalq sazişlərə qoşulub. Eyni zamanda, 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər qüvvədədir. Beynəlxalq standartların tətbiqi daxili bazarda rəqabətliliyin qorunmasına, yeni biznes modellərinin yaradılmasına, vergi bazasının düzgün formalaşmasına, fəaliyyətin iqtisadi dəyərin yarandığı yerdə vergiyə cəlb olunmasına, vergilərin tam şəkildə və düzgün hesablanmasına, ölkələrarası vergilərin ədalətli bölgüsünə xidmət edəcək.
Gülay NƏBİYEVA