Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiya Xidmətinin keçirdiyi brifinqdə bu barədə məlumat verib.
“Qazaxıstan regionda Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini, başqa sözlə, “ikinci nəsil” sazişi imzalayan və ratifikasiya edən yeganə ölkə olaraq qalır. Biz bu sazişlə müəyyən edilmiş 29 əməkdaşlıq sahəsi ilə məhdudlaşmırıq. Məsələn, keçən il nadir metallar, "yaşıl" hidrogen, akkumulyatorlar, nəqliyyat və loqistika potensialının inkişafı, eləcə də malların tədarük zəncirinin diversifikasiyası kimi bizim üçün yeni sahələrdə əməkdaşlığa başlamışıq”, - deyə R.Vasilenko bildirib. O, qeyd edib ki, bu il Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Qazaxıstana səfəri gözlənilir. Bu səfər Qazaxıstan Respublikası ilə Aİ arasında əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu il üçün rəmzi məna daşıyır. R. Vasilenkonun sözlərinə görə, hazırda Qazaxıstanda Avropa kapitallı 3 mindən çox şirkət iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Qazaxıstanla əməkdaşlıq edənlər arasında “Shell”, “Eni”, “Total”, “Amazonen-Werke”, “Air Liquide”, “Alstom” və “Carlsberg” kimi nəhəng transmilli şirkətlər də var.
Qeyd edilib ki, regionda yaranmış mövcud geosiyasi vəziyyətlə əlaqədar hazırda bir çox Avropa şirkətləri Qazaxıstana köçməyə ciddi maraq göstərirlər. Artıq Böyük Britaniya, Litva, Danimarka və Çexiyanın iri şirkətləri ilə Qazaxıstanda ya yeni istehsal müəssisəsinin açılması, ya da regional ofislərin bu ölkəyə köçürülməsi barədə konkret müqavilələr imzalanıb.