Məsələn, dövlət sektoruna aid müəssisədə çalışan Vətən Müharibəsi Qəhrəmanının tarif maaşı 1.340 manatdır. Bu işçiyə ay ərzində müəssisənin öz istehsalı olan 1.150 manatlıq bazar dəyərində elektronika məhsulu 770 manata satılıb. İşçinin müraciəti əsasında müəssisəyə olan 1.000 manatlıq borcu da bağışlanılıb. Bu halda işçinin muzdlu işdən gəliri və vergi tutulmalı gəliri nə qədər olacaq?
Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar əldə edilən gəlirə əməkhaqqı, işdən aldığı hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən aldığı gəlir aid edilir.
Göründüyü kimi, tarif maaşı işçinin muzdlu işdən vergiyə cəlb edilən gəliridir.
Vergi Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, 98.1-ci maddənin (muzdlu işdən gəlir) məqsədləri üçün gəlirin məbləği aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.
Vergi Məcəlləsinin 98.2.4-cü maddəsində isə göstərilir ki, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda – həmin borcun və ya öhdəliyin məbləği fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir kimi qəbul edilir və gəlir vergisinə cəlb olunur. Bu baxımdan, borca görə bağışlanılmış 1.000 manat işçinin muzdlu işdən gəliri hesab olunacaq.
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri də fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir kimi qəbul edilir və gəlir vergisinə cəlb olunur.
Qeyd edilənləri nəzərə alaraq şəxsin ay ərzində muzdlu işdən aylıq gəliri aşağıdakı şəkildə olacaq:
- aylıq tarif maaşı - 1.340 manat;
- bağışlanılmış borcun dəyəri - 1.000 manat;
- elektronika məhsulunun dəyəri - 1.150-770 = 380 manat;
- cəmi aylıq gəlir - 1.340 + 1.000 + 380 = 2.720 manat.
Vergi Məcəlləsinin 102.2.1-ci maddəsinə əsasən, Vətən Müharibəsi Qəhrəmanlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində isə göstərilir ki, fiziki şəxsin əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda vergiyə cəlb olunan gəliri 200 manat azaldılır. Baxdığımız nümunədə işçinin muzdlu işlə əlaqədar aylıq gəliri 2.500 manatdan yuxarı olduğu üçün bu güzəşt ona tətbiq edilməyəcək.
Şəxsin gəliri 2.720 manat olsa da, onun aylıq gəliridən 400 manat çıxıldıqdan sonra qalan məbləğ 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Çünki Vətən Müharibəsi Qəhrəmanı olduğu üçün vergi tutulmalı məbləğin 400 manatı azaldılır və vergi tutulmalı aylıq gəliri 2.500 manatdan aşağı olduğu üçün 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir:
27.20 - 400 = 2.320 manat;
2.320 x 14% = 324,8 manat (vergi məbləği).