Tayvan istirahətə gələn turistlərə pul ödəmək niyyətindədir

2023.03.09 13:24 (UTC+04:00)

Son vaxtlar dünyanın müxtəlif ölkələrində xarici turistlərdən əlavə vergi tutulması tendensiyası artmaqdadır. Lakin bunun əksi ilə də qarşılaşmaq mümkündür.

2023-cü ildə Tayvan hökuməti bu ölkəyə xaricdən istirahətə gələn turistlərə 5 min Tayvan dolları (təxminən 276 manat) ödəmək niyyətində olduğunu bəyan edib. Amerikanın “The Points Guy” turizm saytının xəbərində bildirilib ki, hökumət bu yolla turizmin inkişafına dəstək verməyi və cari ildə ölkəyə altı milyona yaxın turist cəlb etməyi planlaşdırır.

Tayvan Turizm Bürosunun baş direktoru Çan Şi-Çjunun sözlərinə görə, bu ödənişlər Tayvana səfər edərkən istifadə edilə bilən turist kartına rəqəmsal qaydada köçürüləcək. Məbləğin yemək, yaşayış, nəqliyyat xərclərinin ödənilməsinə sərf edilməsi təklif olunub. Xəbərdə deyilir: “Tayvan 2022-ci ilin oktyabrında sərhədlərini tamamilə açıb və əvvəlki illərin eyni dövrünə aid göstəricilərlə müqayisədə turistlərin onda birini belə cəlb edə bilməyib”.

Qeyd edək ki, sentyabr ayında Tayvan son dörd il ərzində eksperiment kimi qüvvədə olan vizasız rejimi ləğv edib.