Türkiyədə elektriklə işləyən avtomobillərin idxalına əlavə vergi qoyulub

2023.03.06 12:21 (UTC+04:00)

Elektriklə işləyən avtomobillərin getdikcə populyarlaşdığı bu günlərdə Türkiyənin “Rəsmi qəzet”ində həmin avtomobillərin idxalı ilə bağlı yeni qaydalar dərc edilib. Qaydalara əsasən, Çin istehsallı elektromobillər üçün əlavə gömrük rüsumu müəyyən edilib. Bundan sonra Çindən Türkiyəyə idxal edilən elektromobillərə görə əlavə 40 faiz vergi tutulacaq.

Yeni tənzimləmədən təkcə Çin markaları deyil, Çində elektrikli avtomobil istehsal edən Avropa markaları da təsirlənəcək. Ən böyük təsirə məruz qalan isə bu yaxınlarda Türkiyədə distribyutorunu təyin etmiş BYD (Build Your Dreams) şirkəti olub. Qlobal miqyasda 3,5 milyondan çox avtomobil satışı olan şirkət yeni tənzimləmədən ağır zərbə alıb.

Bəzi iddialara görə, hökumətin bu qərarının arxasında ölkədə istehsal olunmağa başlayan “Togg”u qorumaq ideyası dayanır. “Togg”un daxili bazarda qiymət üstünlüyü qazana və Çin avtomobilləri ilə rəqabət apara bilməsi üçün həyata keçiriləcəyi düşünülən bu tənzimləmə Çindən gələn elektrikli avtomobilləri bahalaşdıracaq.

Ekspertlərin şərhinə görə, bütün bunlarla birlikdə tənzimləmənin təsiri sonda yenə istehlakçıya dəyəcək.