Əlilliyi olan şəxslər üçün iş imkanları artacaq

2019.05.23 10:21 (UTC+04:00)

Əlilliyi olan şəxslərin maariflənməsi və işlə təmin edilməsi daim diqqət mərkəzindədir. Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Universal Dizayn"Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqda "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı" çərçivəsində "Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi" layihəsini həyata keçirir. Layihənin əsas fəaliyyət istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsidir.

Layihə çərçivəsində Qubanın bir neçə kəndində ayrı-ayrı şəxslərin ehtiyacları öyrənilib, əsasən hüquqi yardım tələb edən sahələr araşdırılıb. Həmin ərazilərdə yaşayan əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə qruplar təşkil olunaraq ehtiyacları öyrənilib. Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əliliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması, onların əmək bazarına çıxışına şərait yaradılması istiqamətində işlər görülür. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işlə təmin edilənlərin 549 nəfəri, özüməşğulluq proqramına cəlb edilən 7267 nəfərdən isə 1000 nəfərdən çoxu əlilliyi olan şəxslərdir. Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir.

2019-cu ilin ilk 4 ayında 590 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub, 1215 nəfər isə münasib işlərlə təmin edilib. Haqqı ödənilən ictimai işlərə cəlb edilən əlilliyi olan şəxslərin sayı isə 1019 nəfər olub. Xidmətdən bildirilib ki, bu il də əlilliyi olan şəxslərin əmək bazarına çıxışını təmin etmək üçün peşə hazırlığı kurslarının və peşəyönümü məsləhət tədbirlərinin təşkili davam etdirilir.

Fərqanə ALLAHVERDİQIZI