Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin görüşü keçirilib. Görüşdə İqtisadiyyat və Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri iştirak ediblər.
Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları sahələrində təkliflərini səsləndiriblər. Eyni zamanda otel və restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, 2-3 ulduzlu hotellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə onları maraqlandıran suallar cavablandırılıb.