Türkiyədə kartla vergi ödənişlərinin həcmi kəskin şəkildə artıb

2023.03.02 12:07 (UTC+04:00)

Türkiyənin Banklararası Kart Mərkəzi (BKM) 2023-cü ilin yanvar ayına aid məlumatları açıqlayıb.

“CNN türk” kanalının BKM-ə istinadən yaydığı xəbərə görə, kartlarla edilən dövlət vergi ödənişlərinin həcmi, motorlu nəqliyyat vasitələri vergisi də daxil olmaqla, əvvəlki ilə nisbətən təxminən ikiqat artaraq 19,3 milyard lirə olub. Kartla ödənişlərin ümumi məbləği isə əvvəlki ilin eyni dövrünə görə 146 faiz artaraq 446 milyard lirəyə çatıb.

Yanvar ayının sonuna olan məlumata görə, Türkiyədə 101,4 milyon kredit kartı, 171,4 milyon debet kartı və 73,2 milyon əvvəlcədən ödənişli kartdan istifadə olunur.

2022-ci ilin yanvar ayı ilə müqayisədə kredit kartlarının sayı 18 faiz, debet kartlarının sayı 14 faiz, əvvəlcədən ödəmə kartlarının sayı isə 25 faiz artıb.

Kartların ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 346 milyona çatıb.