İdxal edilən mallar barədə məlumat formasını təqdim edərkən nələr nəzərə alınmalıdır?

2023.03.03 10:42 (UTC+04:00)

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən formada məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına verməlidir.

Göründüyü kimi neft-qaz sahəsində fəaliyyəti olan, dövlət sektoruna aid edilən və “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri məlumat vermirlər. “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Digər vergi ödəyiciləri idxal etdikləri mallara görə aşağıda qeyd edilən məlumatları təqdim etməlidirlər:

- mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.

Vergi Məcəlləsinin 23.1.3-2 maddəsinə əsasən, vergi orqanının qeyd olunan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və protokolla rəsmiləşdirmək hüququ vardır.

Əgər baxış zamanı idxal edilmiş mallar barədə yuxarıda qeyd olunan məlumatları təqdim etməməsi və ya təhrif olunmuş formada təqdim etməsi üzə çıxarsa, vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.11-11.3 maddəsinin ikinci abzastında göstərilib ki, 2023-cü ilin yanvar ayından etibarən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Misal. Kiçik sahibkarlıq subyekti olan “AA” MMC fevral ayının 18-də malları idxal edib və bu barədə uçotda olduğu vergi orqanına məlumat verməyib. Vergi orqanının əməkdaşları fevralın 20-də əraziyə baxış keçirib və 90.000 manat dəyərində malların idxal edildiyini, müəssisənin bu barədə vergi orqanına məlumat vermədiyini aşkar ediblər. Bu zaman Vergi Məcəlləsinin 57.5 maddəsinə uyğun olaraq vergi ödəyicisinə 4.500 manat maliyyə sanksiyası tətbiq ediləcək.

90.000x5% = 4.500 manat.