Milan prokurorluğu 870 milyon avro məbləğində əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsində şübhəli bilinən “Meta” şirkəti ilə bağlı təhqiqata başlayıb.
Bu barədə mətbuatda yayılan məlumata görə, səlahiyyətli orqanların keçirdiyi audit nəticəsində “Facebook”, “İnstagram” və “WhatsApp” messencerinin sahibi olan şirkətin 2015-ci ildən 2021-ci ilə qədər olan dövr üçün bəyannamələrində əlavə dəyər vergisi ilə bağlı göstəricilər qeyd edilməyib. “Il Fatto Quotidiano” qəzeti təhqiqatın əvvəlcə Avropa İttifaqı prokurorları tərəfindən başladığını, lakin sonradan konkret şəxslərə qarşı hələ ittiham irəli sürülməmiş işin davam etdirilməsi Milan müstəntiqlərinə həvalə edildiyini yazıb.
“Fanpage” portalında qeyd olunub ki, iri internet şirkətləri milyardlarla avro qazanır, buna baxmayaraq cüzi məbləğdə vergi ödəyirlər. İtaliyada ən yaxşı 25 texnoloji şirkət 2020-ci ildə ümumilikdə 4,6 milyard avro qazansa da, cəmi 80 milyon avro məbləğində vergi ödəyib.