Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ilk iclası keçirilib

2019.05.22 12:10 (UTC+04:00)

Mayın 21-də Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın ilk iclası keçirilib. İclasda hasilatın pay bölgüsü sazişlərinin (HPBS) açıqlanması, Komissiyanın 2019-cu il üzrə fəaliyyət planı, 2018-ci il üzrə hesabatların əhatə dairəsi və hesabatlılıq müddətləri, hesabat verəcək hasilat şirkətlərinin siyahısı, "Benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə yol xəritəsi" layihəsini icra edən məsləhətçilər tərəfindən görülmüş işlərə dair məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə üç tərəfin - HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətlərinin nümayəndələrindən ibarət 2018-ci ilə dair HSŞ hesabatının hazırlanması üzrə işçi qrupun yaradılması qərara alınıb. Bundan əlavə, HSŞ hesabatını hazırlayacaq müstəqil auditorun seçimini tənzimləyən “Şərtlər toplusu” və hesabat formaları müzakirə edilərək təsdiqlənib.