Beynəlxalq Valyuta Fondu (BVF) kriptovalyutalarla bağlı 9 addımdan ibarət fəaliyyət planı hazırlayıb.
Gündən-günə böyüyən kriptovalyuta bazarı böyük investorlarla yanaşı, bir çox insanın asanlıqla investisiya edə biləcəyi bazara çevrilib. Artıq El-Salvador kimi ölkələrdə bitcoin rəsmi valyuta kimi işlədilir. Bu vəziyyətin əleyhinə olan BVF həm üzv, həm də digər ölkələr üçün 9 mərhələli fəaliyyət planı hazırlayıb.
G20 maliyyə nazirlərinin görüşdüyü Hindistan sammitində gündəmə gətirilən məsələ BVF-nin xəbərdarlığı ilə davam etdirilib. Üzv dövlətlərə verilən ən mühüm tövsiyə pul siyasəti çərçivələrini gücləndirməklə və kriptoaktivlərə rəsmi valyuta və ya qanuni mübadilə statusu verməməklə monetar suverenliyi və sabitliyi qorumaq olub.
BVF-dən bildirilib ki, hər hansı ölkənin pul sabitliyi baxımından etibarlı yerli qurumlarının və siyasətlərinin olmaması birinci problemdir və oradakı zəiflik çox vaxt insanları kağız pullarını xarici valyutaya çevirməyə vadar edir. Bu problem kriptovalyutaların mövcudluğu ilə daha da dərinləşir, çünki insanlar indi öz pullarını dollar və avro əvəzinə kriptovalyutalara çevirirlər.
BVF hesab edir ki, kağız pulların kriptoaktivlərə çevrilməsini azaltmağın ən yaxşı yolu daha güclü institutlar qurmaq və ənənəvi sistemə inamı artıran sağlam siyasətlər müəyyənləşdirməkdir. BVF-nin mövqeyinə görə, möhkəm Pul Siyasəti Çərçivəsinin (MPF) yaradılması etibarlılığın təmin edilməsində ilk addımdır. Bundan əlavə, qurum şəffaf və ictimaiyyətə açıq olmalıdır.
Ölkələri həddindən artıq kapital axınına qarşı tədbir görməyə çağıran BVF kriptoaktivlərdən yaranan risklərin təhlil edilməli olduğunu, eləcə də aktivlərin vergiyə cəlb edilməsinin şəffaflığının zəruriliyini bildirib. Bundan əlavə, BVF ölkələrin kriptoaktivləri üçün lazımi hüquqi addımları atmalı olduğunu da vurğulayıb.
Nəhayət, BVF bəyan edib ki, ölkələr də kriptoaktivlərinin digər ölkələrin iqtisadiyyatlarına necə təsir göstərdiyini müşahidə etməlidirlər. Bu mövzuda qlobal əməkdaşlığa ehtiyac olduğunu bildirən BVF beynəlxalq ödənişlər üçün yeni həll yollarının tapılmasının tərəfdarıdır.