İqtisadiyyat üzrə Nobel mükafatçısı - Lourens Kleyn

2023.03.05 12:00 (UTC+04:00)

Amerikalı iqtisadçı Lourens Kleyn (Lawrence Klein) 14 sentyabr 1920-ci ildə Nebraska ştatının Omah şəhərində anadan olub. 1942-ci ildə Berklidəki Kaliforniya Universitetini bitirib, Massaçusets Texnologiya İnstitutunda aspiranturada oxuyub və burada doktorluq dərəcəsi alıb.

İkinci Dünya müharibəsindən sonra Çikaqo Universitetində işləyib, Kanada və Norveçdə bir sıra layihələr həyata keçirib. 1948-ci ildə Milli İqtisadi Tədqiqatlar Bürosuna qoşulub və Miçiqan Universiteti ilə əməkdaşlıq edib. 1954-cü ildə Böyük Britaniyaya köçüb, Oksford Universitetinin Statistika İnstitutunda işləyb.

1958-ci ildə ABŞ-a qayıdıb, Pensilvaniya Universitetində çalışıb və 1968-ci ildə professor adını alıb. O, burada beynəlxalq iqtisadi sistemlə bağlı Amerika iqtisadiyyatının modellərini qurmağa başlayıb. Bu modellərdən birincisi Amerika iqtisadiyyatının qısamüddətli inkişaf perspektivlərini proqnozlaşdırmaq məqsədi daşıyırdı. Bunlar L.Kleynin sonradan Uortonun illik və rüblük modellərini əhəmiyyətli dərəcədə təkmilləşdirməsi üçün əsas oldu. Həmin modellər hələ də vergilərdə, hökumət xərclərində və ya neft qiymətlərinin hərəkəti kimi dəyişənlərdə dəyişikliklərin ümumi milli məhsula, investisiyaya və ya istehlaka necə təsir göstərə biləcəyini proqnozlaşdırmaq üçün mühüm alətlər rolunu oynayır.

1960-cı illərdə Yaponiya və İsrail də daxil olmaqla, dünyanın bir sıra ölkələri üçün iqtisadi modellərin hazırlanması ilə məşğul olub, BMT çərçivəsində “Link” layihəsində iştirak edib.

İngilis iqtisadçısı R. J. Ballin dediyi kimi, “Link” layihəsi “beynəlxalq iqtisadi münasibətlər və proqnozlaşdırma haqqında anlayışımızı təkmilləşdirmək üçün müxtəlif ölkələrin, o cümlədən “üçüncü dünya” ölkələrinin və sosialist dövlətlərinin statistik modellərini vahid ümumi sistemə inteqrasiya etmək məqsədilə hazırlanmışdı. “Link” layihəsinin mərkəzi əlaqələndirmə aparatını öz ixtiyarında saxlayan və Pensilvaniya Universitetində kompüter proqramlarının tərtibinə rəhbərlik edən L.Kleyn bu layihəyə getdikcə daha çox ölkəni qoşdu.

1975-ci ildə ABŞ-nin Demokratlar partiyasından prezidentliyə namizədliyini irəli sürmək üçün mübarizə aparan Cimmi Karterin iqtisadi müşaviri vəzifəsində çalışıb, bir sıra siyasi sənədlərin layihəsini hazırlayıb. 1976-cı ildə C.Karter prezident seçildikdən sonra isə yeni administrasiyaya daxil olmaq dəvətindən imtina edib.

Əsərləri arasında – “Keyns inqilabı” (1949); “1921-1941-ci illərdə ABŞ iqtisadiyyatında baş verən dalğalanmalar” (1950); “Ekonometriya dərsliyi” (1953); “1929-1952-ci illərdə ABŞ-ın ekonometrik modeli” (1955, A. Qoldberqerlə birlikdə); “Ekonometrikaya giriş” (1962); “İqtisadi proqnozlaşdırma nəzəriyyəsinə dair esse” (1968); “Tələb və təklif iqtisadiyyatı” (1983); “İqtisadi nəzəriyyə və ekonometrika” (1985) və s. məşhurdur.

1980-ci ildə “İqtisadi modellərin işlənib hazırlanmasına və onların iqtisadiyyatda və iqtisadi siyasətdə dalğalanmaların təhlilinə tətbiqinə görə” İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Laureatın təqdimat mərasimindəki çıxışında İsveç Kral Elmlər Akademiyasının üzvü Herman Uold L.Keynin nailiyyətlərini belə ümumiləşdirmişdi: “Keyn ekonometrik makromodellərin real nümunəsini yaratmış, onların nəzəri qurulmasına və praktiki tətbiqinə ümumi yanaşma həyata keçirmişdir”.

İqtisadiyyat elmində fərqli yeri olan L.Kleyn 20 oktyabr 2013-cü ildə Pensilvaniya ştatının Qladvin şəhərində vəfat edib.