Pakistan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq orta səviyyədə qiymətləndirilir.
Bunu “vergilər.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib. Ekspertin sözlərinə görə, hər iki ölkə öz aralarında turizmin təşviqi üzərində işləyir və ikitərəfli əlaqələrin bu istiqamətdə yaxşılaşdırılması üçün mühüm addımlar atır.
“Pakistan və Azərbaycan 2019-cu ildə Turizm Əməkdaşlığı üzrə Anlaşma Memorandumunun imzalanması kimi turizmin inkişafı təşəbbüsləri ilə çıxış ediblər. Bununla belə, viza rejiminin sadələşdirilməsi, hava səyahətləri və mədəni mübadilə proqramları kimi sahələrdə gələcək əməkdaşlıq üçün hələ də potensial var”, - deyə Navab bildirib.
Onun sözlərinə görə, Pakistan Azərbaycanın turizm siyasətindən və turistlər üçün yaradılan imkanlardan faydalanmallıdır. Hazırda bir qrup turist Pakistana səfər edir və müxtəlif telekanallarda öz təcrübələrini bölüşürlər ki, bu da digər azərbaycanlı turistləri də Pakistana cəlb edəcək.
Tamilla MƏMMƏDOVA