Dividend gəlirlərinə görə mənfəət vergisi müəssisənin dövriyyəsindən asılıdırmı?

2023.02.24 10:21 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki (hüquqi) şəxslərin dividend gəlirləri gəlir (mənfəət) vergisindən azaddır.

Sorğu verən müəssisə ƏDV ödəyicisi olduğu üçün yuxarıda qeyd olunan vergi azadolması müəssisənin ödədiyi dividendlərə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-1-ci, 106.10-cu və 122.1-ci maddələri.