İspaniya hökuməti iqtisadi çətinliklərlə əlaqədar ölkədə ilk dəfə iri enerji şirkətlərinə, maliyyə qurumlarına və banklara tətbiq edilən fövqəladə vergilərdən dövlət büdcəsinə ilkin mərhələdə 1 milyard 454 milyon 500 min avro vəsait daxil olduğunu açıqlayıb.
Nazirlər Şurasının iclasından sonra mətbuata açıqlama verən maliyyə naziri Maria Jesus Montero fövqəladə vergilər çərçivəsində enerji şirkətlərindən 817,4 milyon avro, maliyyə qurumları və banklardan isə 637,1 milyon avro toplandığını bildirib.
Nazir hökumətin nəzərdə tutduğu kimi enerji və maliyyə sektorlarından toplanacaq illik verginin 2 milyard 900 milyon avroya çatacağını bildirib.
İspaniyada fəaliyyət göstərən böyük bankların 20 milyard 500 milyon avro, iri enerji şirkətlərinin isə ümumilikdə 12 milyard avro mənfəət əldə etdiyini xatırladan nazir Montero, toplanan vergilərin bu sektorlar üçün uyğun olduğunu vurğulayıb.
O, qeyd edib ki, ilk dəfə toplanan fövqəladə vergilər "fiskal ədaləti təkmilləşdirmək və konstitusiya səlahiyyətləri vasitəsilə bərabərsizliklə mübarizəyə töhfə vermək məqsədi daşıyır".
Nazirin sözlərinə görə, hökumət bu vəsaiti ölkədəki çoxluğu qorumaq üçün enerji qiymətlərinin azaldılması, əsas qida məhsullarına ƏDV-nin ləğvi və yoxsul ailələrə aylıq 200 avro yardım kimi sosial səciyyəli maliyyə tədbirlərinə yönəldəcək.