“Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq

2023.02.22 11:30 (UTC+04:00)

Tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiyalar... “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bu məhsulları istehsal edən müəssisələrin təşkili nəzərdə tutulur. Logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələri Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

200 hektar ərazini əhatə edən Sənaye Parkında 1,5 hektar sahədə mobil şəhərcik salınıb. Şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Tikinti aparılacaq sahənin və mobil şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 2 ədəd 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib. Hazırda Sənaye Parkında inzibati binanın tikintisi işləri aparılır, binanın beton konstruksiya və hörgü işləri tamamlanıb. Həmçinin 110/35/6 kV-luq elektrik stansiyasının özülündə qazıntı işlərinə və su anbarının tikintisinə başlanılıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İqtisadi Zonalarda İnfrastruktura dəstək şöbəsinin mütəxəssisi, inzibatçı rəhbər Malik Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 4-də imzaladığı Fərmanla yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu, sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır. Sənaye Parkı gələcək fəaliyyətdə ətraf rayonlar üçün də əlverişli, əlçatan ərazidə yerləşir. “Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq.

Gəncə avtomobil zavodunun nümayəndəsi Siyavuş Əliyev bildirib ki, servis mərkəzi əsas bina, qazanxana, su anbarı və avtoyumadan ibarətdir. Artıq 3 hektar ərazidə hasarlama işi görülüb. Ərazi şaquli planlaşdırma aparılaraq hamarlanıb, su xətləri çəkilib. Qazanxananın əsas binası hazırdır. Su anbarında avadanlıqlar quraşdırılıb. Əsas korpusda metal-konstruksiya, örtük panellərin örtülməsi üçün hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq ediləcək. Bu ərazilərdə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunacaq. Bu güzəştlərin tətbiqi nəticəsində sənaye zonalarında sahibkarlıq fəaliyyəti daha da inkişaf etdiriləcək, yeni investisiyaların cəlb olunması baxımından çox əlverişli biznes mühiti formalaşacaq.

AZƏRTAC