Kaiser Navab: “Əməkdaşlığı irəli aparmaq üçün şirkətləri rasional tənzimləmə prosesləri ilə stimullaşdırmalıyıq”

2023.02.22 09:48 (UTC+04:00)

Azərbaycan və Pakistan arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan vermək məqsədilə bir sıra tədbirlər həyata keçirilə bilər ki, bunlardan ən mühümü mal və xidmət axınının asanlaşdırılması üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasıdır.

Bunu “vergilər.az”a açıqlamasında pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Kaiser Navab deyib.

“Kənd təsərrüfatı, enerji və infrastruktur kimi müxtəlif sektorlarda birgə müəssisələrin yaradılmasını və investisiya imkanlarını təşviq etmək lazımdır. Bundan əlavə, ticarət maneələrini azaltmaq və bazara çıxış imkanlarını artırmaq, yüksək səviyyəli müntəzəm siyasi və biznes dialoqu qurmaq əməkdaşlıqda mühüm rol oynaya bilər. Qarşılıqlı anlaşmanın yaxşılaşdırılması üçün mədəni mübadilə proqramları təşviq olunmalı, turizm inkişaf etdirilməlidir”, - Navab qeyd edib.

“Azərbaycan və Pakistan hər iki ölkədə kiçik və orta müəssisələr üçün maliyyə və investisiya imkanları yaratmaqla şirkətlər arasında biznes tərəfdaşlığını təşviq edə bilər. Yeni məhsul və xidmətlərin mübadiləsinin genişləndirilməsi texnologiya və innovasiya sahəsində əməkdaşlığın artırılmasını tələb edir”, - ekspert deyib.

Onun sözlərinə görə, ölkələr arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün İslamabad və Pişəvər kimi şəhərlərə birbaşa uçuş marşrutları açaraq mədəni, tarixi yerlərə diqqət çəkməklə turizmi təşviq etmək lazımdır.

"İkitərəfli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə gənc sahibkarlar üçün xüsusilə süni intellekt, elm, texnologiya, innovasiya və s. sahələrdə müsabiqə və mübadilə proqramlarının təşkili ciddi stimul ola bilər”, - K.Navab vuğrulayıb.

Tamilla MƏMMƏDOVA