Rusiyada aprelin 1-dən rəqəmsal rublla ödəniş etmək mümkün olacaq

2023.02.21 12:24 (UTC+04:00)

Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova jurnalistlərə bildirib ki, fiziki şəxslər aprelin 1-dən pilot layihə çərçivəsində 13 bankda mal və xidmətlər üçün köçürmələri və ödənişləri rəqəmsal rublla həyata keçirə biləcəklər.

Rusiya Federasiyasının Mərkəzi Bankı rəqəmsal rublu 2021-ci ilin sonunda istifadəyə verməyi planlaşdırırdı. Bir il əvvəl Mərkəzi Bank ilə Rusiyanın 12 bankı rəqəmsal rubl platformasında fiziki şəxslər arasında ilk sınaq pul köçürmələrini həyata keçirmişdi.

"Aprelin 1-dən rəqəmsal rubl layihəsini ilkin mərhələdə əməliyyatlarla - fiziki şəxslər arasında köçürmələrlə, həmçinin ticarət və xidmət müəssisələrində ödənişlərlə həyata keçirməyi planlaşdırırıq. Diqqətinizə çatdırmaq istəyirəm ki, pilot layihə artıq texniki cəhətdən hazır olduqlarını təsdiqləmiş 13 bankla məhdud sayda real müştərilər və real əməliyyatlarla həyata keçiriləcək”, - Skoroboqatova deyib. Onun sözlərinə görə, Rusiya rublunun hər üç forması tam ekvivalent olacaq: indi nağd pulda 1 rubl 1 nağdsız rubla bərabər olduğu kimi, 1 rəqəmsal rubl da onların hər birinə ekvivalent olacaq.

Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini Vladimir Çistyuxin bildirib ki, qızıla əsaslanan rəqəmsal maliyyə aktivlərinin (DFA) emissiyası idxalçı və ixracatçıların hesablaşmalarına kömək edə bilər. “Rəqəmsal maliyyə aktivləri üçün qanunvericilik bazası artıq yaradılıb və biz bu gün qızıl token haqqında danışarkən ilk növbədə onu nəzərdə tuturuq ki, belə emissiyalar baş verərsə, rəqəmsal maliyyə aktivlərinin emissiyası əsasında baş verəcək, yəni tokenlər rəqəmsal maliyyə aktivləri ilə bağlı qanunvericiliyə əsasən buraxılacaq. Ümid edirik ki, qızıl token bizə əlavə investisiya məhsulunun yaradılması kontekstində kömək edəcək, eyni zamanda ona beynəlxalq hesablaşmalarda da tələbat olacaq”, - Çistyuxin bildirib.