Xarici informasiya texnologiyaları şirkətlərinin Azərbaycana marağı artır

2023.02.20 15:32 (UTC+04:00)

“Qanunvericiliklə İKT sahəsinə böyük imtiyazlar verilib. Bundan, təbii ki, Azərbaycanın İKT sektoru böyük faydalar əldə edəcək. Artıq xarici şirkətlərin Azərbaycana investisya etmək üçün marağı da artır. “Relocasion” layihəsi xarici şirkətlərin Azərbaycana köçməsi və bu imtiyazlardan yararlanmasını nəzərdə tutur”, - E.Abbasov qeyd edib.

O, vurğulayb ki, qanunvericilikdəki təkmilləşdirmələr bu ilin sonunda Azərbaycana öz töhfəsini daha geniş miqyasda vermiş olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilib. Əsasnamə ilə sistem inteqrasiyası və proqram təminatının inkişafı ilə məşğul olan texnologiyalar parkının rezidentlərinə Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bir sıra güzəştlər müəyyənləşdirilib.

Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulur:

- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;

- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.

Vergi Məcəlləsinin 164.1.16-cı maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə əlavə dəyər vergisini ödəməkdən azaddır.

Fərqanə ALLAHVERDIQIZI